Əyilməyən Başlar

 

Həmid Arğış

 

(Bu hekayəni "İran" ruznaməsinin Azərbaycan millətinə yazdığı tohin qarşısında meydana çıxan və varlıqlarını müdafiədə canlarını verən şəhidlərə ithaf edirəm)

 

- Keç içəri!..
Dəmir qapıya tərəf döndü. Qısa dəmir qapının orta hissəsində olan balaca dəriçədən içəri baxdı. Qaranlıq barmaqlıqlar arasından o kiçik mühəvvətəyə süzürdü. O mühəvvətəni işıqlandıran elektrik lampanın işığı nədənsə o bacadan o tərəfə getməyə cürət tapmırdı. Sağ əli ilə qapını yavaşca itələdi. Qaranlıq qaynayırdı önündə…

- Keç içəri!
Yüzbaşının kobud səsi bir daha qalxdı. Geri dönüb yüzbaşı, onun kənarında duran onbaşı və qısa boylu, qara bənizli əsgərə baxdı.
- Bu iti baxışların bu qaranlıqda parlaması olmayacaq. Gir içəri! – deyərək, gülümsədi yüzbaşı.
Bədənin azca kənara əyərək, qaranlığa addım atdı.
- Sən bu qapıdan keçməyə başını əyməsən də, ancaq başını aşağı əyməyə çoxlu yol var…
Gənc və yeniyetmə idi. Qırmızı ləkələr düşmüş ağ köynəyinin iki düyməsi sökülüb düşmüşdü. Ağ sinəsi ilk baxışda gözə çarpırdı. Həyatında ilk dəfə əmniyyət məmurları ilə üz-üzə gəlirdi. İçində mübhəm və gizlin bir qorxu olsa da, nədənsə heç vecinə almırdı. Ürəyində əzəmətli bir qürur hissi yaşatmışdı bu gün. Bu üzdən onbaşının bu son sözlərini sadəcə bir təbəssümlə cavablayıb yalın ayaqlarla içəri girdi…
* * *
Yadına gələndən şəhərin bu əsli xiyavanını belə izdihamlı, belə əmniyyəti bir atmosferdə görməmişdi. Odsöndürən maşınları ilk dəfə xiyavanda dayanmış gördü. Polis məmurları toplananlardan daha çox nəzərə gəlirdi. Sıraya düzülmüş və təpədən dırnağacan yaraqlanmış polis məmurları nədənsə bir zadı bəkləyən kimi ətraflarına baxırdılar. Piyada yolları olduqca izdihamlı və qalabalıq görünürdü. Baxışlarda heyrət, nadinclik və üsyan dalğalanırdı…
- Ancaq inqilabda da bu şəhərdə belə bir vəziyyət görmədim mən heç! Bilmirəm, bu da bir inqilab olacaq, ya gələcək inqilabın ilk qığılcımıdır…
- Ata, hamı sakit görünür. Sadəcə bir etiraz toplantısıdır.
- Yox, yox, heç yanılma! Bir millətin varlığı və namusu ləkələnəndə, sanmıram sadə bir etiraz kimi millət davransın. Baxışlara bax! Hamı bir zadı güdər kimidir. Bu, partlamaya hazır bir vulkandır. İllərdir içəridə coşub od və alovunu birikdirib. Partlayırsa, kimsə qabağın almağa qadir olmayacaq. Bu qəziyyədə millətin kimliyinə tohin olunub…
Onların sözlərini ixtiyarsız dinləməyə neçə an izdihamın içində dayandı. Sonra xiyavanın aşağı tərəfinə – gündəlik satan putkaya tərəf addımladı…
* * *
Çublanmış bədəni olduqca ağrıyırdı. Qollarında heç bir hiss gücü duymurdu. Partlamış sol gözündən axan qan ağzının qanı ilə qarışıb köynəyini tilit qan etmişdi. Daxmanın qaranlığında nə durumda olduğunu düşünə bilmirdi. Sadəcə bədəninin neçə yerdən yaralanmasını düşünürdü. Behal və susqun daxmanın bəlli olmayan bir tərəfində bükülü qalmışdı. Bədəni yavaş-yavaş üşüməyə başlamışdı...
Neçə an öncə iki yandan buna görənlərin pıçıltı səslərini azacıq eşidirdi:
- Durum ağırlaşır… Tutub öldürməklə də qorxuram, ortalığın bu pozğunluğu düzəlməsin.
- Başqa şəhərlərdən gələn güzarişlərə görə, vəziyyət bundan daha da gərgindir. Bəzi şəhərlərdə cavanlar sinələrin açıb polis məmurlarına: "Vurun sinəmizdən!" – deyirlər. Neçə nəfəri də sinəsindən vurublar. Bir neçə arvad-uşaq da ölüb.
- Əlimizdən bu gəlir ancaq. Tehrandan gələn dəsturlar bu hərəkətlərin tezliklə qurtulmasın istəyir. Azərbaycan şəhərlərinə özəl məmurlar göndərilib. Mərkəz özü bu hərəkətləri kontrol etmək istəyir. Bütün əmniyyət orqanları ağır basqı altındadırlar. Sanıram, qoymayalar bu etirazlar çox davam etsin. Məmləkətin insicamı pozulmaqdadır. Bir də… bunlar! Bunlar buradan canlı çıxmamalıdırlar. Ən azı bu tezliklə bunları buraxmaq olduqca xətərlidir. Bu, təkid edilmiş dəsturdur üstən…
Səslər uzaqlaşırdı. Düşünürdü onlar gedirlər. Ancaq təkcə görə bilən gözü get-gedə ağırlaşırdı. Bədəninin tamam hissəsi ağırlaşmışdı. Alnının ortasında birikirdi tamam ağrısı. Başında çılğın səslər, qışqırtılar, qavalamalar, vurmalar və açılan qurşunların səsləri sinema filmi kimi təkrar-təkrar fırlanırdı…
* * *
Alovlar içində "İran" kəlməsini aydınca oxuya bildi. Gündəlikdən alışan odun ətrafı olduqca izdihamlı və qalabalıq idi. Neçə nəfər yerə tökülmüş yarıyanıq kağazları ayaqlayır və tüpürürdülər. Hər tərəfdən "Yaşasın!" – alqışları göyə ucalırdı.
Xiyavanı camaat tamam doldurmuşdu. Polis məmurları çox izdihamlı yerlərdən azacıq fasilə ilə durmuşdular. Neçə polis məmuru şəxsi geyimdə camaatdan film çəkirdilər…
"Mənim dilim ölən deyil, fars dilinə dönən deyil!", "Yaşasın Azərbaycan! Məhv olsun istibdad!", "Ölüm olsun şovinizmə!" – şüarları hər tərəfdən ucalmışdı. Bir an özünü o izdihamların arasında gördü. Yumruqları düyünlənmişdi. Sinə gərmişdi. "Yaşasın Azərbaycan!" bağırırdı…
* * *
- Çoxdandır daha inləməsi kəsilib. Olmaya, bu da əbədilik dincəlib?! – uca boylu onbaşı gülümsədi.
- Sanmıram, – masa arxasında oturan qısa boylu əsgər dedi, – bunu o qədər döymədilər ki! Sadəcə neçə dəfə çubladılar…
Neçə ləhzə susur.
- Hələ düşünürəm, bunlar nədən özlərini bu qədər heç bir zad üstə oda-közə vururlar… Kimliyi də bəlli deyil bunun. Sadəcə gənc bir oğlan. Minlərcə xiyavanda gördüyümüzlər kimi. Məndən bir-iki yaş kiçik…
Neçə ləhzə sükut hakim olur.
- Ona bir baş çək. Əmniyyət idarəsindən gəlib aparacaqlar. Güzarişdə yazıldığı əsasda, ən oda-közə vuranlardan biri bu…
Masa arxasından qalxıb dəmir qapıya tərəf yeridi. Dəriçədən içəri baxdı.
- Çırağı yandır! – onbaşı dedi.
Dəmir qapı dabanı üstə dolanıb açıldı.
- Düşünürəm, baş-gözündən tutub bunun o çublar. Tilit qan içindədir.
- Boş ver bunları! Huşdamı?
Cavab gözləyir onbaşı.
- Onbaşı, bura gəlin. Bura gəlin! – əsgər ucadan bağırdı – Baxın! Baxın, sanıram ölmüş…
Qanla torpağa qarışmış bədəni böyrü üstə daxmanın təkinə sərilmişdi. Qan basmamış açıq gözü qapıya tərəf tikili qalmışdı…
- Hələ də baxışı iti və parlaqdır – onbaşı dodaqaltı mızıldadı.
- Baxın… Baxın! – deyə əli ilə onun qanlı barmaqların və sonra önündəki duvarı göstərdi.
- Bunlar nədir duvarda yazıb?!
Neçə ləhzə daxmanın mərmər duvarı üstə qırmızı boya ilə qarışmış əyri-üyrü yazıya göz tikdilər. Neçə ləhzə sakit və hərəkətsiz donuq qaldılar. Tərpənməyə gücləri tükənmişdi sanki… Nəhayət, əsgər başın yazıya tərəf uzatdı. Sınıq-salxaq oxudu:
"Millət yoludur, haqq yoludur tutduğumuz yol…"